Ədalət Muradov Cəlal

Ədalət Muradov Cəlal

UNEC Rektoru, i.e.d., prof.

Avesis link
Bakı şəhəri, İstiqlaliyyət 6, (I Tədris binası)
+(994 12) 505 48 01
rector@unec.edu.az

1979-cu ildə 5 saylı Kimya-biologiya təmayüllü məktəbi bitirib.

1980-1982-ci illərdə Sibir Hərbi Dairəsində həqiqi hərbi xidmətdə olub.

1985-1990-cı illərdə Ukraynanın Taras Şevçenko adına Kiyev Dövlət Universitetinin İqtisadiyyat fakültəsində təhsil alaraq, universiteti fərqlənmə diplomu ilə bitirib.

1989-cu ildə tələbələr arasında keçirilən Ümumittifaq Olimpiadada “İqtisadiyyat və istehsalın təşkili üzrə” SSRİ-də 2-ci yerə layiq görülüb.     

1990-cı ildə Kiyev Dövlət Universitetinin əyani aspiranturasına daxil olub. 1993-cü ildə “Bazar iqtisadiyyatına keçid şəraitində region iqtisadiyyatının struktur dəyişiklikləri” («Структурные преобразования экономики региона при переходе к рынку») mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.

1995-ci ildə Kiyev Dövlət Universitetində doktoranturaya daxil olub və 1998-ci ildə “Keçid iqtisadiyyatının dünya təsərrüfatı sisteminə inteqrasiyası” («Интеграция переходной экономики в систему мирового хозяйства») mövzusunda doktorluq dissertasiyasını müdafiə edib.

1995-1999-cu illərdə T.Şevçenko adına Kiyev Dövlət Universitetində pedaqoji fəaliyyətlə məşğul olub. Makroiqtisadiyyat, İqtisadi Siyasət, Beynəlxalq İqtisadiyyat, Keçid İqtisadiyyatının ümumi nəzəriyyəsi fənlərini tədris edib. 1998-1999-cu illərdə “ИБ Австрия Секюритз (Украина)» İnvestisiya Bankında “Postsovet keçid iqtisadiyyatlarının tranformasiyasının təhlili” şöbəsinin müdiri vəzifəsində çalışıb.

1999-cu ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında professor vəzifəsində çalışıb. Makroiqtisadiyyat, İqtisadiyyatın dövlət tənzimlənməsi, Azərbaycanın iqtisadi siyasəti fənlərini tədris edib. 2002-ci ildən 2014-cü ilin mart ayınadək Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyində (indiki İqtisadiyyat Nazirliyi) çalışıb. 2002-2007-ci illərdə həmin nazirliyin Makroiqtisadi təhlil və proqnozlaşdırma, 2007-2009-cu illərdə Xarici ticarət siyasəti və Ümumdünya Ticarət Təşkilatı, 2009-2014-cü illərdə isə İqtisadi siyasət, təhlil və proqnozlaşdırma şöbələrinə rəhbərlik edib. İqtisadi İnkişaf Nazirliyinin Kollegiyasının, eləcə də Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlüklə bağlı danışıqçılar Qrupunun üzvü, Xidmətlər üzrə İşçi Qrupun rəhbəri olub. Dövlət qulluğunun müşaviridir.

2009-cu ildə “Bakıelektrikşəbəkə” ASC-nin Müşahidə Şurasının Sədri, Dövlət büdcəsinin xərcləri üzrə Komissiyanın üzvü, Əmanətlərin sığortalanması Fondu Himayədarlar Şurasının üzvü, Dövlət Statistika Komitəsinin Metodologiya Şurasının üzvü, 2011-2014-cü illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında İqtisadiyyat (İqtisadiyyat və Hüquq) üzrə Ekspert Şurasının Sədr müavini olub. UNEC-də fəaliyyət göstərən Dissertasiya Şurasının sədridir.

Azərbaycan Respublikası Prezidentinin 5 mart 2014-cü il tarixli Sərəncamı ilə Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru təyin edilib.

Azərbaycan Respublikasının Prezidentinin 4 yanvar 2021-ci il tarixli Sərəncamı ilə Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının üzvü təyin olunub.

Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvüdür.

3 dərs vəsaitinin, 3 monoqrafiyanın, 3 tədris proqramının, 60-dan artıq elmi məqalənin müəllifidir.

“Springer” nəşriyyatı tərəfindən çap olunmuş “Neftin dünya bazar qiyməti: təsir edən amillər və proqnozlaşdırma” kitabının həmmüəllifidir.

2019-cu ildə Prezident İlham Əliyevin Sərəncamı ilə “Azərbaycan Xalq Cümhuriyyəti 100” medalı ilə təltif olunub.

Azərbaycan Respublikası Prezidentinin 24 sentyabr 2020-ci il tarixli Sərəncamı ilə Azərbaycan Dövlət İqtisad Universitetinin 90 illiyi münasibətilə və Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif edilib.

2023-cü ildə Türk Dünyası Araşdırmalar Vəqfi tərəfindən “Professor Turan Yazgan təhsil və mədəniyyət mükafatı” ilə təltif olunub.

2024-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif edilib.

Almaniyada “Sosial bazar iqtisadiyyatı”, Yaponiyada “Ümumdünya Ticarət Təşkilatına üzvlük”, ABŞ-da “Qanun layihələrinin hazırlanmasında icraedici və qanunverici orqanların əməkdaşlığı”, Hollandiyada “İnkişaf etməkdə olan ölkələrin ticarət danışıqçıları və inzibatçıları” və s. proqramlarda iştirak edib, UNCTAD-ın eksperti kimi fəaliyyət göstərib.

100-dən artıq beynəlxalq və yerli konfranslarda, o cümlədən Beynəlxalq Peterburq İqtisadi Forumu (İyun, 2013); İkinci Yüksək Səviyyəli İqtisadi Siyasət Forumu, Dünya Bankı (5-6.03.2012, Bakı); İƏT-ə üzv dövlətlərin beyin mərkəzlərinin 3-cü Forumu (2-3.03.2012, Bakı); “Heydər Əliyev və Azərbaycanın iqtisadi inkişaf strategiyası” (28.04. 2010, Bakı); “Qlobal maliyyə böhranı və dövlət idarəetmə sistemində antiböhran siyasət: dünya təcrübəsi və Azərbaycan modeli” (04.06.2010, Bakı); “Diversification through innovation: prospects for growth” (5-7.05.2010, Berlin); “Keçid iqtisadiyyatlı ölkələrdə BMT-nin Minilliyin İnkişaf məqsədlərinə nail olunmasında rəqabət siyasətinin rolu” (27-28.09.2005, Bakı, UNCTAD); “Distribution services” (14-16.11.2005, UNCTAD, Cenevrə); Trade and development implications of financial services (20-21.09.2007, UNCTAD, Cenevrə); “Qloballaşma ilə bağlı məsələlərin həlli üçün Azərbaycanda potensialın gücləndirilməsi” (28-29.08.2003, UNESCAP, Bakı) və s. iştirak və çıxış edib.