Christopher Antoniou Pissarides (20 fevral 1948-ci il, Nikosiya, Kipr) — britaniyalı iqtisadçıdır. Hazırda London İqtisadiyyat və Siyasi Elmlər Məktəbinin (LSE) iqtisadiyyat kafedrasına rəhbərlik edir. Onun elmi maraqları makroiqtisadiyyat sahəsinə, xüsusilə əmək bazarı, iqtisadi artım və iqtisadi siyasət məsələlərinə yönəlmişdir. Pissarides 2010-cu ildə Piter Daymond və Deyl Mortensenlə birlikdə “axtarış modelləri ilə bazarların tədqiqinə görə” iqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür. O, həmçinin V Astana İqtisadi Forumunun iştirakçısı olmuşdur.
Christopher Antoniou Pissarides 1970-ci ildə Esseks Universitetində iqtisadiyyat üzrə bakalavr, 1971-ci ildə isə magistr dərəcəsini almışdır. Daha sonra London İqtisadiyyat və Siyasi Elmlər Məktəbində (LSE) təhsilini davam etdirərək, 1973-cü ildə iqtisadiyyat üzrə fəlsəfə doktoru (PhD) dərəcəsini almışdır. Onun elmi rəhbəri məşhur riyaziyyatçı–iqtisadçı Mitio Morishima olmuşdur.
1976-cı ildən etibarən Pissarides London İqtisadiyyat Məktəbində makroiqtisadiyyat üzrə tədqiqat proqramının rəhbəri kimi fəaliyyət göstərmişdir.
Hazırda o, LSE-nin İqtisadiyyat fakültəsində kafedra müdiri və İqtisadi Performans Araşdırmaları Mərkəzinin (Centre for Economic Performance) makroiqtisadi tədqiqat proqramının direktoru kimi çalışır.